Heqiqet.Az » siyaset » Nizami Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib


Nizami Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

9-07-2024, 09:36
Çap et
Nizami Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, millət vəkili Sədaqət Vəliyeva, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon Ağsaqqallar Şurasının sədr müavini Vahid Hətəmov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov öz çıxışında ağsaqqların ölkəmizdə hər zaman böyük nüfuz və hörmət sahibi olmalarından bəhs edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini daim dəstəkləyən ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qorunmasına, gənclərimizin maarifləndirilməsinə və vətənpərvərlik ruhunda yetişməsinə böyük töhfələr verirlər. Cəmiyyətimizin bütün sahələrində, həmçinin Nizami rayonunun ictimi-siyasi və mədəni həyatında ağsaqqallar öz fəallıqları ilə seçilirlər. Azərbaycan Ağsaqqallar Şurasının sıralarında tanınmış şəxsiyyətlərin yer aldığını qeyd edən natiq hər bir ağsaqqala və konfransın işinə uğurlar arzulayıb.
Sonra Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev hesabat dövrü ərzində görülən işlər və qarşıda duran vəzifələr barəsində məruzə edib. Bildirib ki, Rayon Ağsaqqallar Şurasnın üzvləri mütəmadi olaraq şəhidlərin anım günlərində iştirak edir, onların ailələri və qazilərlə, habelə məktəblərdə gənclərlə maarifləndirici görüşlər keçirirlər. Natiq, həmçinin, rayonda fəaliyyət göstərən tibbi müəssələrdə çalışan səhiyyə işçiləri ilə də görüşlərin təşkil olunduğunu, sakinlərə, o cümlədən ağsaqqallara qayğı ilə xidmət göstərən həkimlərin və tibbi heyətin Fəxri fərmanlarla təltif olunduqlarını qeyd edib. Mayıl Əliyev Rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının bütün tədbirlərində iştirak və çıxışlar etdiklərini, ölkəmizin inkişafı naminə öz səylərini əsirgəmədiklərini bildirib. Rayon ağsaqqallarının “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə və növbədənkənar prezident seçkilərində də öz fəallıqları ilə fərqləndiklərini qeyd edən natiq vurğulayıb ki, bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.
Daha sonra çıxış edən millət vəkili Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Rayon Ağsaqqallar Şurasının üzvləri təşkilatın səmərəli fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, rayon ağsaqqalları hər zaman milli-mənəvi dəyərlərimizin, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğində yaxından iştirak edirlər və cəmiyyətimizin, xüsusilə gənclərin maariflənməsinə böyük töhfələr verirlər. Natiqlər Nizami Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək əmin olduqlarını bildiriblər ki, gələcəkdə də ağsaqqallar Azərbaycanın inkişafı naminə öz bilik və təcrübələrini əsirgəməyəcəklər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, Nizami rayonunda Mayıl Əliyevin sədrliyi ilə uzun müddət səmərəli işlər həyata keçirən ağsaqqallar öz aktiv fəaliyyətləri ilə daim seçilirlər. Natiq Rayon Ağsaqqallar Şurasının İcra Hakimiyyəti və digər qurumlarla birgə faydalı fəaliyyətini xüsusi vurğulayaraq, bu sıx əməkdaşlığın rayonun inkişafına böyük töhfə verdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikamızın ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli məsləhətlərinə, öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından söz açan Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Ümummilli Liderimizin qayğısı sayəsində daha aktiv və hərtərəfli fəaliyyət göstəriblər. Hazırda ağsaqqallara həmin diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Ağsaqqallar Şurasının son illərdə daha da canlanan fəaliyyətindən ətraflı bəhs edən natiq vurğulayıb ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə 2020-ci ilin sentyabrında təşkilatın növbədənkənar VIII qurultayı keçirilib, Şura yenidən formalaşdırılıb və bu gün öz vəzifələrini uğurla həyata keçirir.
“Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfərdən sonra bu gün biz qalib xalqın nümayəndələri kimi alnıaçıq və qürurluyuq, ermənilər isə başıaşağıdırlar. Qarabağımızda böyük tikinti-quruculuq işləri gedir, vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıdaraq orada məskunlaşırlar” – deyə Əhliman Əmiraslanov bildirib. Daha sonra natiq cəmiyyətimizdəki bəzi problemlərə də toxunaraq, nikahların pozulması hallarının ciddi şəkildə artmasından, xüsusilə cənub bölgələrində müşahidə olunan erkən nikahlardan, o cümlədən bioloji qohumluğu olan şəxslər arasındakı evliliklərin fəsadlarından bəhs edib. Təəssüf hissi ilə narkomaniyaya aludəçiliyin çoxalmasından söz açıb. Vurğulayıb ki, bu problemlərə qarşı hər birimiz, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalıdırlar. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Nizami Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, təşkilatın bundan sonra da öz işlərini aktiv şəkildə davam etdirəcəyinə əminliyini ifadə edib və hər kəsə möhkəm cansağlığı, uğurlar arzulayıb.
Reytinq: