Heqiqet.Az » yazarlar » Kitab da bir uğurdur


Kitab da bir uğurdur

19-04-2019, 17:03
Çap et
Kitab da bir uğurdur Dinin əsas özəyi Allah sevgisidir. Allah sevgisi ilk olaraq «Bismillah»la əks olunur. Bu sözün qüdrəti altında hər şey süst qalır. Hətta cinlər, şeytanlar belə «Bismillah» sözündən qorxurlar. Digər tərəfdən, bu sözün bir elmi açılışı da var. İstedadlı din xadimi, dini sahədə fəaliyyətini elmi qənaətləri ilə aydın əks etdirən Həsən Hüseyni «Bismillah» sözünün - «Bismillah» ayəsinin dini-ictimai açılışını verən səciyyələrə toxunur, 2014-cü ildə «MBM» mətbəəsində işıq üzü görmüş «Bismilləh» ayəsinin incə görüntüləri və «bə» hərfinin altında olan nöqtənin sirri»kitabında diqqətimizi bu məsələlərə yönəldir.
Kitabda Quran həqiqətləri, «Bismillah» sözünün dini-fonetik təhlili, «bə» hərfinin altındakı nöqtənin sirri elə əhatəli kodlarla açılır ki, istər-istəməz müəllifin dini istedadına heyran qalırsan. Kitabda «Fatihə» surəsinin tərcüməsi, bu surənin fəzilətləri və qısa təfsiri, ədəbiyyatda şərhi, səmavi kitabların zinəti, «Bismillah» ayəsinin bir Quran həqiqəti kimi tədqiqi, Əhli-Beyt rəvayətləriimamət barəsindəki əqidələr, əbcəd hesabı haqqında məlumat və s. barədə şərhlər verilmiş, müəllif bu dini təfsirlərə geniş rakursdan yanaşmışdır.
Kitabda həmçinin din və ictimaiyyət, din və dövlət, din və hakimiyyət məsələləri də aydın şəkildə təhlil olunur, bu mənalar öz sətiraltı şəkillərini cəmiyyətəxas tərzdə aşkar edir. Bu da müəllifin dövlətə, cəmiyyətə və dinə olan sevgisinin uyğun təsnifatıdır.
Kitab da bir uğurdur
Onu da qeyd edək ki, bu kitabın arıya-ərsəyə gəlməsində bu il 650 illiyi dövlət səviyyəsində qeyd olunan böyük filosof-şair S.İ.Nəsiminin yazdığı bir beytin əsasında cəm olmuşdur. Belə ki, şairin:
Nöqteyi-sirri-İlahi "Ba"i-bismillahidir,
Kim ki, bilməz bu sirri müşriki, qumrahdir.
Beytin mənası belədir:
İlahi sirrin mənbəyi Bismillah ayəsindəki "ba" hərfinin altında olan nöqtədədir.
Bu nöqtənini sirrini bilməyən ya Allaha şərik qoşar, ya da yolunu itirər.
Şairin bu misradakı dediyi "ba" hərfinin altında olan nöqtədən məqsəd elm qapısı, Əmirəl-möminin Həzrəti-Əlidir (ə). Belə ki, Həzrəti-Əli(ə) buyurub: "Mən Bismillahdakı "ba" hərfinin altında olan nöqtəyəm".
Şair-filosof Nəsimi İraq divanında əvvəlki beytdə işlətdiyi İlahi sirrin mənbəyi olan "ba" hərfinin altında olan nöqtədən məqsəd Əmirəl-möminin Həzrəti-Əli(ə) olduğunu vurgulayır və yazır:
Çün Əmirəl-möminin mən nöqteyi-"ba"yam, dedi,
Kim ki, hərfin sirrin bilməz, nə bilsin şahını.
Kitab maraqlı quruluşdadır, elmi mahiyyət kəsb edir, dinlə maraqlananlar üçün dəyərli vasitədir. İnanırıq ki, istedadlı din xadimi Həsən Hüseynin «Bismilləh» ayəsinin incə görüntüləri və «bə» hərfinin altında olan nöqtənin sirri»kitabı geniş oxucu kütləsinin dərin məhəbbətini qazanacaq.
Onu da qeyd edək ki, bu tədqiqat əsəri böyük filosof-şair S.İ.Nəsiminin 650 illiyinə gözəl tövhə ola bilər.
İlkin Əzizxanoğlu
Reytinq: