Heqiqet.Az » sehiyye » Mehriban xanım Əliyevanın fəaliyyəti bütün sahələrə dərindən nüfuz edib


Mehriban xanım Əliyevanın fəaliyyəti bütün sahələrə dərindən nüfuz edib

26-08-2025, 19:08
Çap et
Birinci vitse-prezident Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycanın müasir tarixində qadın hərəkatının yeni bir səhifəsini başladıb. Mehriban Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəblər”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik əsrlər ərzində ənənəyə çevrilib və milli dəyərimiz səviyyəsinə yüksəlib. Müasir dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi-sosial inkişafının müxtəlif sahələrində yorulmadan çalışan Azərbaycan qadını bu milli dəyərimizə sadiqliyini bu gün də nümayiş etdirməkdədir.
Bu baxımdan, öz yaradıcılıq enerjisini xalq və dövlət üçün, bugünkü və gələcək nəsillərın rifahı üçün hərtərəfli fəaliyyət proqramına çevirmək missiyasını öz üzərinə götürmüş Mehriban Əliyeva XXI əsr Azərbaycan qadınının ən parlaq obrazıdır.
Ölkənin birinci xanımı ən böyük mərhəmət ünvanlarından biri kimi qəbul olunur. Onun humanizmi nəticəsində valideyn himayəsindən məhrum qalmış minlərlə körpə ən müasir binalarda, ən yüksək səviyyədə yaşamaq, təhsil almaq şansı qazanıb. Onlar gənclik həyatına qədəm qoyanda yenə də məhz Mehriban xanımın sayəsində evlə və işlə təmin olunurlar.
Sağlamlıq imkanları məhdud minlərlə insanın həyata yenidən inteqrasiyası, on minlərlə məhbusun azadlığa qovuşması da Mehriban Əliyevanın təşəbbüslərinin real nəticələridir. Bir mühüm məqam da odur ki, ondan artıq xarici ölkədə təbii fəlakətə, həmçinin səfalətə, digər problemlərə məruz qalan insanlar üçün Mehriban xanımın xeyriyyəçiliyi ilə məktəb, xəstəxana, sosial infrastruktur layihələri həyata keçirilib.
Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi həmişə çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Bu gün ölkənin Birinci Xanımı üçün xüsusi bir gündür. Bu özəl gün münasibəti ilə hörmətli Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı diləyir, millətimizin rifahı və dövlətçiliyimizin inkişafı yolunda fədakar fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Mehriban xanım Əliyevanın fəaliyyəti bütün sahələrə dərindən nüfuz edib

Dilqəm Məhərrəmov,
“MediLux” Klinikasının həkimi, plastik, rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru
Reytinq: