Heqiqet.Az » tehsil » 27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədir


27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədir

27-09-2025, 12:17
Çap et
Xalqımız uzun illər işğalla barışmayacağını nümayiş etdirmiş, 2016-cı ildə baş vermiş Aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri bunun bariz nümunəsidir. Lakin Ermənistan hərbi təxribatlarını davam etdirərək 27 sentyabr 2020-ci il tarixində atəşkəsi kobud şəkildə pozmuş və Azərbaycanın yaşayış məntəqələrinə hücum etmişdir. Bu amillər Vətən müharibəsinin başlanmasının əsas səbəblərindən biri olmuş və xalqımızın azadlıq iradəsini daha da gücləndirmişdir. Həmin gün başlayan əks-hücum əməliyyatı Azərbaycan Ordusunun yüksək hazırlığının, strateji düşüncəsinin və milli həmrəyliyinin göstəricisi olmuşdur. “Dəmir yumruq” adlandırılan əməliyyat təkcə hərbi taktika deyil, həm də xalqın mənəvi və ruh yüksəkliyinin nəticəsi idi. 44 günlük savaş zamanı Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunmuşdur. Hər bir azad olunmuş torpaq parçası milli qürurumuzun və dövlətimizin gücünün təzahürüdür.
44 günlük Vətən müharibəsi zamanı döyüşlərdə 2908 hərbçimiz şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Hər bir şəhid və yaralı xalqımızın azadlıq və müstəqillik uğrunda göstərdiyi şücaətin bariz nümunəsidir. Bu döyüşlər həm də tarixi qələbənin, milli birlik və həmrəyliyin təcəssümü olmuşdur. Hərbi müstəvidə əldə edilən Zəfərin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilmişdir.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri şanlı ordumuz tərəfindən nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Tarixi Qələbə həm də dövlətimizin strateji baxışının, ordumuzun hazırlığının əyani sübutudur.
Vətən müharibəsi bizim şanlı tariximizdir, qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir. Dövlətimiz şəhid ailələri və qazilərə göstərdiyi davamlı diqqət və qayğı ilə həm onların rifahını təmin edir, həm də xalqımızın qəhrəmanlıq tarixinə verdiyi dəyəri bir daha təsdiqləyir.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində Qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Bütün bunlar dövlətin qəhrəman Vətən övladlarına olan dərin ehtiramını ifadə edir. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərlə əlaqədar Bakıda inşa edilən Zəfər Parkı və Memorial Kompleks də mühüm əhəmiyyət daşıyır.
Xalqımız 27 sentyabr – Anım Günündə şəhidlərimizin xatirəsini ehtiramla yad edir, milli həmrəyliyimizin vətənpərvərliklə dolu təntənəsini nümayiş etdirir. Qalib ölkə və müzəffər xalq kimi Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib. Şəhidlərimizin qanı yerdə qalmayıb, onların arzuları gerçəkləşib və dogma torpaqlarımız azad olunub.
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədir. Hər bir şəhid və qazinin şücaəti isə gələcək nəsillər üçün əbədi bir ilham mənbəyidir.



Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri, “Ümumi kimya və kimyanın tədrisi texnologiyası” kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent
Reytinq: