Heqiqet.Az » tehsil » 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq


44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq

27-09-2025, 12:30
Çap et


2020-ci ilin 44 payız günü həyatımızın ən həyəcanlı günləri oldu. Bu sözlər məncə hər kəsə aiddi - həm ordumuzun əsgərlərinə, həm də ümumilikdə xalqımıza. Ümid edirəm ki, bir daha ölkəmiz belə günləri yaşamayacaq. Çünki müharibə insanın başına gələ biləcək ən böyük faciədir. İnsan həyatının dəyərini heçə endirən faciə. Öz şəxsi məqsədləri və hədəfləri deyil, daha ali saydığı məqsəd və əqidəsi uğrunda canını fəda edən istənilən insan əbədi hörmətə layiqdir. Ümid edirəm ki, müharibənin sonunda arzularının reallaşması onların doğmaları üçün az da olsa təsəlli oldu.
2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unu­­dul­mayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Neçə yüz illərdir öz torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, Qarabağın işğaldan azad olunmasına böyük məharətlə rəhbərlik etdi. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi.
Azərbaycan Ordusunun uğurlarının kökündə Prezident İlham Əliyevin son 17 ildə davam etdirdiyi, yeni çalarlarla zənginləşdirdiyi, çağdaş dövrümüzün tələblərinə uyğun çevik formada gerçəkləşdirdiyi Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır. Ümummilli Lider Heydər Əliyev vurğulayırdı: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”. Azərbaycan xalqı bu tarixi bəyanatın gerçəkliyinin bir daha əyani şahidi oldu. Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin bütün gözləntilərini 17 illik hakimiyyəti dövründə gerçəkləşdirməyi bacardı.
Beləliklə, ötən dövrdə səbirlə, təmkinlə yürüdülən siyasət nəticəsində qüdrətlənmiş Azərbaycan təkbaşına haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etməyə nail oldu. İndi bütün dünya haqqa söykənən Azərbaycanın artan gücü ilə də hesablaşmaq zorundadır.
Prezident cənab İlham Əliyev 44 gün ərzində təkcə Ali Baş Komandan kimi cəbhədə gedən əməliyyatlara rəhbərlik etmədi. Bütün bu uğurlu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirildi. Möhtərəm Prezidentimiz bu siyasi təzyiqlərə peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirdi, bütün bu təzyiqləri neytrallaşdırdı. Cənab İlham Əliyev xarici televiziyalara verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə olsun geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa etdi.
Baş verən bu müharibə cinayətləri Azərbaycan xalqının əzmini, iradəsini əzə bilmədi, onu qorxutmadı, əksinə gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq birliyimiz, Ali Baş Komandan ətrafında tək yumruğa çevrilməyimiz bizim bu bəlalardan çıxmağımızda mühüm rol oynadı. Ölkədə milli həmrəyliyi, xalq-iqtidar birliyini daha da gücləndirən cənab İlham Əliyev Azərbaycan xalqının onun ətrafında sıx birləşməsinə, sonsuz etimadına, inam və dəstəyinə güvənib şərəfli və çətin missiyanı həyata keçirdi. Vətən müharibəsində Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi möv­qeyindən asılı olmayaraq, hamı bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Haqq işimizi yarıda qoymağa hesablanmış üçün xarici qüvvələrin təzyiqlərinə cəsarətlə sinə gərən, onları dəf edən cənab İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrildi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsidir.
Allah şəhidlərimizə rəhmət eləsin!

44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq

Gülruh Əsədova
Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Reytinq: