Heqiqet.Az » sosial » Qələbəni təmin edən əsas amillərdən biri xalq-dövlət-ordu birliyi oldu


Qələbəni təmin edən əsas amillərdən biri xalq-dövlət-ordu birliyi oldu

26-09-2025, 23:15
Çap et
Bu şanlı Qələbəni xalqımıza yaşatmış hərbçilərimizin qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2021-ci illərdə imzaladığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısı müxtəlif orden və medallarla təltif olunub.
Prezidentin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamda deyilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.
Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməli qoyulub.
İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin ən mühüm amillərindən biri xalqımızın Vətən torpaqlarının azad olunması naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.
Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın aparıcı media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən həmin müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Azərbaycan mediası, o cümlədən AZƏRTAC Vətən müharibəsinin gedişini peşəkarcasına işıqlandıraraq cəbhə xəbərlərini xalqımıza və dünya ictimaiyyətinə operativ və dəqiq şəkildə çatdırdılar.
Azərbaycan zəfərdən-zəfərə doğru irəliləməkdə davam etdi. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin təməli qoyuldu, möhtəşəm layihələrə start verildi. Şuşaya Zəfər yolu çəkildi, Füzulidə Beynəlxalq Aeroport açıldı. Zəngilan rayonunda tikilən “ağıllı kənd”ə ilkin olaraq 66 ailə, ümumilikdə 326 nəfər köçürüldü. Bununla da “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu.
2022-ci ildə Anım Günü ərəfəsində daha bir tarixi hadisənin qürur və sevincini yaşadıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.
Vətən müharibəsindəki Qələbənin məntiqi davamı olan antiterror əməliyyatı
Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, peşəkar komando bölmələri yaradılırdı. Xalqımız şanlı Qələbənin davamını, Qarabağda separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyulmasını gözləyir və buna inanırdı. Nəhayət həmin tarixi an yetişdi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.
Dövlət başçısının dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Ermənistanda bəzi revanşist qüvvələr yenə zaman-zaman baş qaldırır, bəzi xarici ölkələr Ermənistanı silahlandırır. Buna görə də hazırda ən mühüm prioritetlərdən biri, bir nömrəli vəzifə Ordumuzun daha da güclənməsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu barədə danışarkən deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.
Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız ev-ev, küçə-küçə, məhəllə-məhəllə yenidən bərpa olunur. Dövlət başçısının sərəncamlarına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qələbəni təmin edən əsas amillərdən biri xalq-dövlət-ordu birliyi oldu

Məsum Kamal oğlu Əliyev,
Kürdəmir rayon Karror ASM Bölmə müdiri
Reytinq: